Bəşirov Ruslan Şükür oğlu 1 iyul 2017-ci il tarixdən Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayonu üzrə nümayəndəsi vəzifəsində çalışır. Ruslan Bəşirov yüksək mədəniyyətə malik, səmimi, bacarıqlı gəncdir. Ona göstərilən etimadı doğrulda bilmək üçün öz işində məsuliyyətlə çalışır. İşçilərin işə davamiyyətini, nizam-intizamını, əhaliyə mədəni xidmətlərin keyfiyyətinin artırılmasını təşkil etmək üçün rayonun mədəniyyət müəssisələrinə daim tapşırıqlar verir.
Xocalı rayon mədəni-maarif idarələri haqqında ümumi məlumat almaq və Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət Evinin, Xocalı rayon Mərkəzi Kitabxana Sisteminin və Xocalı şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin fəaliyyətini öyrənmək məqsədilə Ruslan müəllimdən müsahibə aldım. Ruslan Bəşirov “Xocalının səsi” qəzetinə müsahibəsində bildirdi ki, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon nümayəndəliyinin nəzdində 32 müəssisə fəaliyyət göstərir. Onlardan 2-si mədəniyyət evi, 14-ü klub, 1-i mərkəzləşdirilmiş kitabxana sistemi, 11-i kitabxana filialı, 3-ü uşaq musiqi məktəbi, 1-i isə tarix-diyarşünaslıq muzeyidir.
Bu ilin may ayının 1-dən Xocalı rayon Mədəniyyət Evinə direktor təyin edilən Orxan Məmmədov məsuliyyətli və çalışqan işçidir. Onun direktor təyin edilməsindən sonra tədbirlərimiz daha da yaxşı təşkil edilir. İnzibati binanın və həyətin təmiz saxlanılması, iməciliklərin təşkili, idarənin sənədləşdirmə işlərinin aparılması və nazirliyin saytına yerləşdirilməsi vaxtlı-vaxtında aparılır. Tapşırığım əsasında Xocalı rayon Mədəniyyət Evinin kollektivi ilə Xocalı şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin kollektivi birgə mütəmadi olaraq “N” saylı hərbi hissədə əsgərlər qarşısında konsert proqramı ilə çıxış edirlər.
Gəncə şəhər Mədəniyyət İdarəsinin Xocalı rayon Mərkəzləş-dirilmiş Kitabxana Sistemində hal-hazırda 2156 adda 44907 nüsxə kitab var. Bunlardan 32867 nüs-xəsi latın qrafikasında, 11640 nüsxə isə kiril qrafikasındadır. 2017-ci ildə oxucuların sayı 2170 nəfər, verilən kitabların sayı isə 32241 nüsxə olmuşdur. Ötən ildə Xocalı rayon MKS-ə 1440 nüsxə kitab daxil olmuşdur ki, bunlardan 52 nüsxə kitab uşaq ədəbiyyatıdır. Oxucuların kitaba olan marağını artırmaq məqsədilə ictimai yerlərdə, turizm məkanlarında, hərbi hissələrdə açıq kitab sərgiləri nümayiş etdirilir. Dahi şairlərin yubiley tədbirləri keçirilir.
Ruslan Bəşirov fikirlərinə əlavə etdi ki, köçkünlük şəraitində olduğumuza görə rayon mədəniyyət müəssiləri də respublikanın bir neçə şəhər və rayonunda öz fəaliyyətini davam etdirir. Buna baxmayaraq, təşkil edilən monitorinq qrupları bütün müəssisələrin fəaliyyəti ilə maraqlanır, problemlərin aradan qaldırılması üçün lazımi tədbirlər görülür.
Qalib BƏYMƏMMƏDOĞLU